Dekabrın 12-si Bakı Sağlamlıq Mərkəzində xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

Dekabrın 12-si Bakı Sağlamlıq Mərkəzində xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov bildirmişdir ki, Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Dövlətin mənafeyini təməl prinsip kimi qəbul edən Ümummilli lider müstəqil Azərbaycanin memarıdır. Heydər Əliyev dövrü Azərbaycan tarixinin bütöv bir epoxasını təşkil edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Bildirmişdir ki, Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bugün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. Gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. “Gərək nəbzin, vətənin nəbzi ilə vursun” -deyirdi Ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığı müstəqilliyi, xoşbəxtliyi xalqına bəxş etmişdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərli ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən zəfər yürüşündə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi. Bu Qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi yüksəlişə yönəlmiş dövlətçilik məfkurəsi, sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ulu öndərimizin ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq Ulu Öndərin yolunu ləyaqətlə davam etdirir. Zəngin və şərəfli həyatını Azərbaycan xalqının xoşbəxtliyinə, tərəqqisinə və dünya xalqları arasında layiqli yer tutmasına həsr etmiş Ümummilli lider Heydər Əliyev qədirbilən xalqımızın tarixində unudulmaz bir şəxsiyyət kimi daim yaşayacaqdır. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir fəxri qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov, YAP təftiş kommisiyasının üzvü Musa Musayev və YAP-ın Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış etmişdir. Fəxri qonaqlarımız çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni zirvələr qət etdiyi xüsusi vurğulanıblar. Ümummilli Liderin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söz açıblar. Müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir. Bugün bütün xalqımız Ümummilli lider Heydər Əliyevi dərin hörmət, sevgi və ehtiram hissi ilə yad edir.

Diqər xəbərlər